Təmir etdirmək yoxsa tam təmirli almaq sərfəlidir?

Mənzili təmirli almaq sərfəlidir, yoxsa təmirsiz alıb təmir etdirmək? Məqaləmizdə bu suala cavab  verməyə çalışacağıq.

Aldığınız təmirsiz mənzili iki qaydada təmir etdirə bilərsiniz: Fərdi ustanı tapıb, tikinti materiallarını özünüz almaqla və materialları da özləri təmin edən təmir briqadalarına  və ya şirkətlərinə həvalə etməklə. “Marja” mənzilini özü təmir etdirmiş insanlardan topladığı məlumatlar əsasında qarşıya çıxan əsas çətinlikləri sıralayıb. 

FƏRDİ USTALARA TƏMİR ETDİRMƏK

Tutaq ki, “Mən mənzilimi istədiyim kimi təmir etdirəcəm” deyərək fərdi usta ilə danışırsınızsa, bu zaman aşağıdakı çətinlikləri gözə almalısınız.

1. Peşəkar usta tapmalısınız.  Tanıdığınız və yaxın adamların məsləhət gördüyü usta sizi yarıtmaya və təmir yarımçıq qala bilər. Yeni gətirdiyiniz usta isə yarımçıq qalmış təmiri bəyənməyə bilər. Bu halda materiallara yendən xərc çəkməli olacaqsınız.

2. Nəzərdə tutduğunuzdan artıq zəhmət haqqı ödəməli ola bilərsiniz. Adətən fərdi ustalar tikinti materialları xaric mənzilin 1 kvadrat metrini 70-110 manat arasında qiymətlərə işləyirlər. Əgər siz ustanızdan artıq işlər tələb etsəniz, yəqin ki, o “mızıldamağa” başlayacaqdır. Belə ki, təmir prosesində mənzil sahibi bir neçə dəfə fikirini dəyişə bilər. Bəzən mənzilin təmir olunmuş hissəsi ev sahibinin xoşuna gəlmədiyindən sökdürülür, əvvəlcədən nəzərdə tutulmadığı halda otaq böldürülür, mətbəxt, kolidor,  hamam və tualetin ölçülərində dəyişiklik etdirilir və s. Ustanızın “deyinməməsini” istəyirsinizsə, onun zəhmət haqqısını artırmalı olacaqsınız.

3.Tikinti materiallarının alınmasına gedən vaxt və korlanan əsəb. Əgər tikinti materiallarını özünüz almağı seçmisinizsə ən azı 3 ay vaxtınızı məşğul edəcəyini nəzərə alın. Tez-tez bazar və tikinti materialları mağazasına gedib-gəlməli olacaqsınız. Ən yorucu tərəfi də, ustanın yazdığı siyahı ilə aldığınız bəzi materialların təmir üçün çatmaması zamanı və səhv aldığınız materiala görə dəfələrlə mağazaya getməyiniz olacaqdır.  Bəzi materiallar da artıq qalacaqdır və pulunuz bu şəkildə  itəcəkdir. Bunlardan başqa, tikinti materiallarının alınması zamanı satıcıların sizə qiymət oxuması, hesablamada aldatması artıq xərcə, axtardığınız materialları bəzən tapa bilməməyiniz əhvalınızın pozulmasına  səbəb olacaqdır.

4. Siz usta olmadığınıza görə, təmirin sirləri barədə məlumatlara malik deyilsiniz. Usta öz işinin rahatlığı üçün işin ən asan olanını edir, halbuki, təmiri bir az əziyyətli yolla etsəydi, iş daha gözəl və keyfiyyətli ola bilərdi.

5. Tikinti materiallarının oğurlanması və qənaət edilməməsi. Dua edin ki, ustanız “əli əyri” olmasın və tikinti materiallarını qənaətlə işlətsin. Axşam ustanın əl çantasında tikinti materiallarını evinə daşıması və ya tikinti materiallarından qənaət etmədən işlətməsi sizi xeyli əlavə xərcə salacaqdır.

6. Təmirin uzanması. Bir çox ustalar işi tələm-tələsik təhvil verib pulunu almağa meyillidirsə, bəzi ustalar məsuliyyətsiz olurlar. Axşamlar yaxşıca spirtli içki qəbul edib, səhər işə gec gələn, günortalar da yaxşıca “vurub” yatan, tez-tez işdən qalan ustalar az deyil. Bəzi hallarda təmirin müddəti 5-7 ay çəkir ki, bu da ev sahibinin vaxtının itməsinə və əsəblərinin  pozulmasına səbəb olur.

11. Yekun qiymət, təmirli mənzil almaqdan daha baha çıxır. Materialları özünüz təmin etməklə fərdi ustaya mənzil təmir etdirmək, əksər hallarda vaxt, pul itkisinə və əsəblərin korlanmasına gətirib çıxardır. Ola bilsin ki, təmirin sonunda “bircə təmir qurtarsaydı, nəzir verərdim” deməli olursan. Təmirsiz mənzil alıb, özünüz təmir etdirərək pulunuza qənaət etdiyinizi düşünürsünüzsə, yanılırsınız. Vaxtınızın getməsi, əsəbinizin  korlanması bir yana, mənzilin 1 kvadrat metrinin təmiri sizə 350 manatdan yuxarı başa gəlir. Tutaq ki, 1 kvadrat metrini 1200 manata aldığınız mənzil, təmirdən sonra sizə ən azı 1550 manata başa gəlir. Bunu mənzilini fərdi ustaya təmir etdirənlərdən soruşsanız, onlar da təsdiq edə bilərlər.

MƏNZİLİN TƏMİR BİRİQADALARINA VƏ YA ŞİRKƏTLƏRƏ HƏVALƏ EDİLMƏSİ

Son vaxtlar Bakıda təmir şirkətlərinin sayı kəskin artıb. Belə şirkətlər mənzilin 1 kv.metrini 180-250 manata təmir etdiklərini bildirirlər. Bu qiymətlərə usta pulu, təmir materialları və dizayn daxildir. Yuxarıdakı qiyməti oxuyub “nə yaxşı” dedinizsə, tələsdiniz. Adətən bu qimətlərə, sadə və ucuz tikinti materialları ilə təmir daxildir, otaqlara qapılar  mənzil sahibi tərəfindən alınır. Əgər fərqli və keyfiyyətli bir təmir istəsəniz mütləq qiymət artacaq və 350-500 manata qədər qalxacaqdır.

Təmir şirkətləri vasitəsilə mənzilin təmiri zamanı yuxarıda sadalanan problemlərin əksəriyyəti meydana çıxır.  Belə şirkətlərə ciddi nəzarət etməsəniz tikinti materiallarının və işin keyfiyyətində aldadıla bilərsiniz.

MƏNZİLİ TƏMİRLİ TƏHVİL VERƏN ŞİRKƏTLƏRDƏN ALMAQ

Dünya və Azərbaycanda son illər yayılmış təcrübə göstərir ki, ən yaxşı variant mənzili təmirli təhvil verən tanınmış şirkətlərdən almaqdır. Belə şirkətlər təmirin aparılmasında peşəkardırlar, daha keyfiyyətli materiallardan istifadə edirlər, mənzil sahibinə dizaynı seçmək və layihədə dəyişiklik etmək imkanı yaradırlar, binadakı bütün mənzillər eyni vaxtda təmir edilərək təhvil verildiyindən qonşuların bir-birlərilə münasibətləri pozulmur və s.

Bu gün “Kristal Abşeron” və “Xəzər İnşaat” şirkətləri tikdikləri yaşayış komplekslərində mənzilləri yalnız tam təmirli təhvil verirlər.

TƏMİRİ UCUZ MATERİALLAR İLƏ APARMIRLAR

“Kristal Abşeron” şirkətinin nümayəndəsi “Marja”ya bildirdi ki,  şirkətin mənzil bazarında ən böyük üstünlüklərindən biri mənzilin tam təmirli təhvil verilməsidir:

“Təmirli deyəndə söhbət keyfiyyətli təmirdən gedir. Yəni burda təmirə İspaniyanın “STN” şirkətinin keramika məhsulları (kafel-metlax), Türkiyənin “İmkacable” elektrik xəttləri, “E.C.A.” firmasının santexnika məhsulları, İtaliyanın “Alberto Sassi” firmasının lift motorları, Almaniya markası “Hüppenin” hamam duş kabinləri, Macarıstan və Rusiya istehsalı palıd parket döşəmə, İtaliyanın “Limonta” şirkətinin oboyları, Belarusiya istehsalı daxili otaq qapıları, binanın “Texnonikol” şirkətinə aid daş yunu ilə izolyasiyası və s. daxildir”.

“BİZƏ TİKİNTİ MATERİALLARI BAZAR QİYMƏTİNDƏN AŞAĞI BAŞA GƏLİR”

Şirkət rəsmisi qeyd etdi ki, bəzi insanlar təmirin rahat proses olduğunu düşünürlər və  mənzili özləri təmir etdirməyə üstünlük verirlər. Lakin təmirin sonunda səhv qərar verdiklərini anlayırlar:

“Əslində bizə 1 kv. metri 250 manata başa gələn keyfiyyətli təmir insanlara 450-500 manatdan aşağı gələ bilməz. Nəzərə alaq ki, şirkətimiz məhsulları topdansatış qiymətlərinə birbaşa istehsalçıdan  alır. Buna görə, bizə tikinti materialları bazar qiymətindən çox aşağı maliyyətə başa gəlir. Üstəlik insanların təmirdən anlayışı bir o qədər də çox olmaya bilər, ancaq bizim işimiz budur.  Mənzilini 6-7 aya təmir edib bitirə bilməyən insanlar var, biz isə 1 il kimi müddətdə həm binanı tikirik, üstəlik təmirini yekunlaşdırıb təhvil veririk”.

 Qeyd edək ki, “Kristal Abşeron” və “Xəzər İnşaat” şirkətinin layihələrində tam təmirli və “kupçalı”mənzilin 1 kv.metrinin qiyməti yerləşməsindən asılı olaraq  980 -1680 manat arasında dəyişir.  Araşdırmalar göstərir ki, əgər mənzilin qiyməti çox ucuzdursa, bu həmin bananın sənədsiz olmasına, əlverişsiz ünvanda yerləşməsinə və şəraitsiz olmasına işarədir, üstəlik də mənzil alıcıya “pod mayak” təhvil verilir. Mənzil alan zaman, mütləq yuxarıda qeyd etdiyimiz məqamlara ciddi fikir verməyinizi tövsiyyə edirik.